Jurnalistlər aksiyalar zamanı internetin kəsilməsinə etiraz ediblər

AzTimes.az xəbər verir ki, oktyabrın 30-da bir qrup jurnalist və blogger Bakıda aksiya keçirib. Onlar Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qarşısına yürüş edərək təşkil olunan aksiyalar zamanı internetin kəsilməsinə etiraz edərək nazirliyin  onların peşə fəaliyyətinə mane olduğunu, bununla da dolayı yolla Cinayət Məcəlləsinin 163.1 maddəsini pozduğunu qeyd ediblər. İnternetin Bakı şəhərində kəsilməsinin nəinki media nümayəndələrinin hətta dövlətin də narahatlığına səbəb olmalı olduğunu dilə gətirən jurnalistlər Dövlət Təhlükəsizlik xidmətinin də bu məsələ haqqında bəyanat verməsini tələb ediblər. Aksiya zamanı  “İnternetimə toxunma”,  “Azad media susdurula bilməz”,  “Jurnalistika cinayət deyil” və.s.kimi şüarlar səsləndirilib.  Bu dəfə də  jurnalistlərə polis müdaxiləsi olub. Belə ki, əraziyə yaxınlaşan polislər Nurlan Qəhrəmanlının (Nurlan Libre) media nümayəndələrinin   Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanladığı bəyanatı oxumasına icazə verməyib. Qısa mübahisədən sonra bəyanat nazirlik əmədaşına təqdim olunub.  Bəyanatda deyilir:

” Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qarşısında etiraz aksiyası keçirən KİV nümayəndələrinin

B Ə Y A N A T I

Ölkədə fəaliyyət göstərən İnternet Kütləvi İnformasiya Vasitələri çap mətbuatına nisbətən daha operativ və çevik xəbərçatdırma vasitəsinə çevrilib və izləyiciləri hadisə yerindən daha operativ və canlı yayımlarla təmin edir. Bu isə öz növbəsində xəbərin operativliyi ilə yanaşı hadisə baş verərkən onun dəqiq və qərəzsiz çatdırılmasında mühüm rol oynayır. Ölkənin ən operativ xəbər yayanları da, məhz canlı yayımlarda saatlarca internet kəsintisi baş verdiyindən, bu vəzifənin öhdəsindən layiqincə gələ bilmir. Bu da öz növbəsində ölkədə fəaliyyət göstərən KİV nümayəndələrinin, eləcə də əhalinin haqlı narazılıqlarına səbəb olur. Artıq bir neçə ildir ki, ölkədə baş verən icazəli və icazəsiz aksiya, piket və mitinqlərin keçirildiyi ərazilərdə internet və mobil rabitə problemi var. Aksiyaların başladığı saatlarda və ondan bir neçə saat sonra bütün telefonlarda internet rabitəsi dayanır. Elə oktyabrın 19-da saat 12:00-dan etibarən də Bakının “28 May”, “Sahil” metrostansiyalrının yerləşdiyi və ona yaxın ərazilərdə internetə giriş məhdudlaşdırılıb, bununla da hadisəni işiqlandıran KİV nümayəndələrinin istehlakçı hüquqları ciddi şəkildə pozulub. Həmin gün Bakının mərkəzində sözügüdən mitinqdə biz də mətbuat nümayəndələri, jurnalist, reportyor kimi hadisələri izləməli, əməkdaşlıq etdiyimiz media qurumlarına məlumat ötürməli idik. Lakin buna baxmayaraq, həmin saatlarda çəkilişi canlı həyata keçirdiyimiz mobil telefonlarda internet əlaqəsi tamamilə dayandırılmışdı. Qeyd edək ki, bu və buna bənzər hallar neçə illərdir ki, bir neçə müxalifət partiyası və ictimai fəalın birləşdiyi Milli Şuranın, Qarabağ Komitəsinin keçirdiyi aksiyaların keçirildiyi müddətdə baş verir. Bəyan edirik ki, mobil operatorlar və internet provayderləri şəhərin mərkəzində interneti bir neçə saat bağlamaqla KİV nümayəndələrinə, biznes mühitinə, eləcə də cəmiyyətə milyonlarla manat zərər vurub. Hesab edirik ki, bu ciddi qanunun pozuntusudur və bu halı yaradanlar məhkəmə qaydasında cəzalandırılmalı və dəymiş ziyanın kompensasiyasını ödənməlidir. Maraqlıdır ki, internet provayderləri məsələ ilə bağlı KİV nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edir, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınırlar. Bəyan edirik ki, internetin etiraz aksiyasına görə bilərəkdən kəsilməsi ilə bağlı birbaşa məsuliyyəti bu sahəyə nəzarət edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daşıyır. Biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini bu hərəkətini şiddətlə qınayır və hesab edirik ki, Azərbaycandakı internet provayderləri və mobil rabitə operotorları müstəqil deyil. Məhz buna görə də, onlar tapşırıqla aksiya zamanı internetin yayımını məhdudlaşdırırlar. Bəyan edirik ki, belə bir təcrübənin davamlı olması çox pis haldır. Belə olan halda isə bu sahədə müstəqillikdən danışmaq əsassızdır. Azərbaycanda 3 mobil rabitə operatoru Azercell, Bakcell və Nar mobile fəaliyyət göstərir. Bu mobil operatorlar isə məmur oliqarxların nəzarəti altındadır. Tələb edirik ki, bu cür hadisələr zamanı tərəfinizdən yaradılan süni maneələr aradan qaldırılsın və günahkarlar cəzalandırılsın.”

Aksiya iştirakçıları ərazidən uzaqlaşıb.