Laçının işğalından 28 il ötür

Laçın rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, “Taxta-körpü” qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

Rayon ərazisi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən 2 gün sonra Ermənilər tərəfindən rayonun işğalına beynəlxalq aləmdə don geyindirmək məqsədi ilə qondarma “Kürd Respublikası” yaradılması ortaya atıldı. İrəvan bələdiyyə orqanlarının təşkilatçılığı ilə bu ideyanı dəstəkləyən bir dəstə kürd əhali (təxminən 50 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçın şəhərinə gətirilimişdi. Əsas kimi isə 1923-cü ildə yaradılan Qırmızı Kürdüstan göstərilirdi. Halbuki, Qırmızı Kürdüstan yaradılarkən siyahıya alınma nəticəsində yerli əhalinin 94 % Azərbaycan türkü, 6 % isə kürd olması müəyyənləşir. Sosial bazanın olmamasından dolayı muxtariyyət 1929-cu ildə ləğv edilmişdir.

Qondarma Respublikanın baş naziri Vəkil Mustafayev seçilir və bu işin təşkilatçıları kürdləri Laçına çağırması bir nəticə verməmişdi Buna səbəb isə Laçın işğal olunarkən azərbaycanlılarla bərabər kürdlərdə ərazini tərk etmişdilər. Bu səbəbdən sosial bazanın olmaması qondarma respublikanın mövcudluğunu mümkünsüz edirdi. Üstəlik bölgənin kürd əhalisi say baxımdan Azərbaycan türklərindən dəfələrlə az idi. Qondarma respublika elan edilsə də fəaliyyətə başlamamışdır və tezliklə ləğv edilmişdir.