“Gün o gün olsun, növbəti kitabım Parisdə çıxsın”

0
18
  Yazıçı Varis Yolçuyev  Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilən “İyirmi bir” adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq “Antuan de Sent Ekzüperi” diplomuna layiq görülüb. Mükafatın təşkilat komitəsi rəsmisi Simon Qarnier yazıçımızın əsərini “İnsanla təbiətin mistik vəhdətinin gözəl nümunəsi” adlandırıb.
 Bu barədə Moderator.az saytına danışan yazıçı mükafat haqqında məlumat da verib:
“İyirmi bir” adlı hekayəm ötən il Rusiyada dərc olunmuşdu, Fransanın L`Autographe” almanaxının redaksiyası hekayəni bəyənib almanaxa daxil etdi. Maraqlıdır ki, bu topluya daxil olan nəsr nümunələri paralel olaraq yazıçının öz xətti ilə də verilir və məhz buna görə də, bir növ avtoqraf səciyyəsi daşıyır. Toplunun ən yaxşı nümunələri məşhur fransız yazıçısı Antuan de Sent Ekzüperi medalına nominant elan edilərək Ekzüperi diplomuna layiq görülürlər. Əlbəttə, xoşbəxtəm ki, mənim hekayəm də bəyənilərək mükafatlandırılıb. Çox tələbkar olan fransızları bəyəndirmək, əlbəttə ki, xoşdur. Mükafatın təşkilat komitəsi rəsmisi Simon Qarnierin hekayəni “İnsanla təbiətin mistik vəhdətinin gözəl nümunəsi” adlandırması çox xoşdur. “Gün o gün olsun, növbəti kitabım Parisdə çıxsın”, – deyə özümə arzu bildirməkdən də vaz keçəmmirəm”.